“Kəpəz” BOKT 1 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
BOKT-un səhmdarları tərəfindən istiqrazların emissiyasına dair qərar 2022-ci il avqustun 16-da keçirilmiş iclasda qəbul edilib.
Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 1000 ədəd qiymətli kağıza bölünüb. İstiqrazların tədavül müddəti 48 ay, illik faiz dərəcəsi 14%-dir (faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək).
BOKT istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri riteyl və mikro biznes seqmentində kreditləşdirilmə əməliyyatlarının genişləndirilməsinə yönəltməyi planlaşdırır.
“Kəpəz” BOKT 2013-cü il iyulun 16-da dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 1,185 milyon manata bərabərdir, səhmdarları iki fiziki şəxsdir.
2021-ci ilin sonuna BOKT-un aktivləri 5 milyon 179,984 min manata, kredit portfeli 3 milyon 920,052 min manata, kapitalı 4 milyon 627,386 min manata bərabərdir. Ötən ilin yekunları üzrə təşkilatın xalis mənfəəti 138,063 min manat təşkil edib.*
R.Əhmədov