Avqustun 29-da Azərbaycan və Özbəkistanın Energetika nazirlikləri arasında imzalanmış energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi 2022-2023-cü illəri əhatə edir.
Energetika Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlıq, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir.
Sənədə əsasən,Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı, neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcək.
“Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov