Azərbaycan prezidenti İlham Əliyev Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
“Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur. Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - məktubda qeyd olunur.
Dövlət başçısı Türkiyə prezidentini və Türkiyə xalqını Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təbrik edib.
“Əziz Qardaşım, bu əlamətdar tarix münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”, - məktubda deyilir. **
B.Rüstəmbəyov