2022-ci il sentyabrın 6-dan 8-dək Bakıda keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisində Azərbaycan PUA-lar daxil olmaqla, istehsal etdiyi ən müasir silahlarını nümayiş etdirəcək. Bu barədə müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev məlumat verib.
“Bu sərginin özəlliyi ondan ibarətdir ki, dünyanın aparıcı ölkələrinin ən müasir silahları təqdim ediləcək. Həmçinin, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi müasir pilotsuz uçan aparatlar da daxil olmaqla, ən innovativ məhsullarını təqdim edəcək. Biz 1000addan artıq silah-sursat növü istehsal edirik.İlk dəfə 44 günlük müharibə dövründə isifadə edilən ən müasir PUA-lar, müdafiə sənayemizin rəmzlərindən biri – “İti Qovan” PUA-sı nümayiş ediləcək”, - Babayev sərgiyə həsr olunan mətbuat konfransında bildirib.
Bu il ADEX sərgisində dünyanın 208 aparıcı şirkəti iştirak edəcək.
208 şirkəti bir araya gətirəcək “ADEX 2022” sərgisi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5% artım nümayiş etdirəcək.İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılacaq. Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcək. Qeyd etmək lazımdır ki, bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.
ADEX 2022 sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.
ADEX ilə paralel olaraq, 6-8 sentyabr tarixlərində keçiriləcək Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdiriləcək. **
E.Şəfiyev