Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, avqust ayının ikinci yarısında Laçın rayonu ərazisində 1318 ədəd piyada əleyhinə minalar aşkarlanıb.
“Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib”, – birgə bəyanatda deyilir.
Bəyanatda dəqiqləşdirilir ki, aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Nazirlik və ANAMA xatırladır ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. “Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir. Bununla isə Ermənistan düşmənçilik niyyətini bir daha sübut edir”, - bəyanatda deyilir. **
E.Şəfiyev