Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 4 milyard 450,41 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 8,8% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2022-ci ilin iyun ayında Azərbaycandan Türkiyəyə 729,44 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,59% çoxdur. İyun ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 19,02%-i Azərbaycanın payına düşüb.
Azərbaycan iyun ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (44,05%), ikinci yerdə İran (22,29%), dördüncü yerdə ABŞ (7,8%) qərarlaşıb.
Cari ilin iyun ayında Türkiyəyə 3 milyard 836,03 milyon kubmetr qaz (2021-ci ilin iyun ayı ilə müqayisədə azalma 5,64%) ixrac edilib. 3 milyard 274,2 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 85,35%-i, azalma 13,54%), 561,83 milyon kubmetr (bütün ixracın 14,65%-i, artım 2 dəfə) isə LNG-nin payına düşüb.
Türkiyəyə qaz ixracı 5 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ və Əlcəzair (LPG)) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2,55 milyard kubmetr, illik ixrac pik həddə 3,7 milyard kubmetr həcmində nəzərdə tutulub.
2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).*
N.Abbasova