Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı təbrik edib, OPEC+ çərçivəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.
“Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir. Eyni zamanda, bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə təbrikdə bildirilir.
İ.Əliyev hesab edir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur. “Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq”, - deyə təbrikdə qeyd olunur.*
E.Şəfiyev