1 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Kəpəz” BOKT-un tədavül müddəti 48 ay olan 1 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“İnterfaks-Azərbaycan” agentliyi BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Hərrac zamanı istiqrazların bütün həcmi (nominal dəyəri 100 manat olan 10 min ədəd qiymətli kağız) yerləşdirilib.
İstiqrazın illik faiz dərəcəsi 16% (faiz ödənişləri hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir), ödəmə tarixi 01.09.2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC olub.
BOKT istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri riteyl və mikro biznes seqmentində kreditləşmə əməliyyatlarının genişləndirilməsinə yönəltməyi planlaşdırır.
“Kəpəz” BOKT 2013-cü il iyulun 16-da dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 1,185 milyon manata bərabərdir, səhmdarları iki fiziki şəxsdir.
2021-ci ilin sonuna BOKT-un aktivləri 5 milyon 179,984 min manata, kredit portfeli 3 milyon 920,052 min manata, kapitalı 4 milyon 627,386 min manata bərabərdir. Ötən ilin yekunları üzrə təşkilatın xalis mənfəəti 138,063 min manat təşkil edib.*
X.Nəsirzadə