Azərbaycan 2022-ci ilin I yarısında dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından 112 milyon 717,1 min manat (cari məzənnə ilə $66 milyondan çox - İF) gəlir əldə edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 31,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə dəniz nəqliyyatı ilə yükdaşımalardan 109 milyon 423,9 min manat məbləğində gəlir (artım 28,5%) əldə edilib. Gəlirlərin əsas həcmi – 106 milyon 245,6 min manat beynəlxalq yükdaşımaların (artım 24,7%) payına düşüb.
Dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 3 milyon 293,2 min manat məbləğində gəlir (artım 5 dəfə) əldə edilib.
Hökumətin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3 milyon 710 min ton (artım 32,1%), sərnişinlərin sayı 9,9 min nəfər (artım 57,1%) təşkil edib.
Yükdaşımaların strukturunda 1 milyon 578,1 min ton neft və neft məhsullarının (artım 44,8%), 2 milyon 131,9 min ton digər yüklərin (artım 24%) payına düşüb.
Xəbər verildiyi kimi, 2021-ci ildə dəniz nəqliyyatı ilə yük daşımalarından 175 milyon 601,3 min manat (artım 4,6%), sərnişin daşımalarından 2 milyon 995,9 min manat (artım 3,5 dəfə) gəlir əldə edilib.
2021-ci ildə dəniz nəqliyyatı ilə 5 milyon 468,4 min ton (azalma 8,6%) yük və 17,7 min nəfər sərnişin (azalma 13,2%) daşınıb. Qeyd olunan dövrdə yükdaşımaların strukturunda 1 milyon 898,7 min ton neft və neft məhsullarının (azalma 8,6%), 3 milyon 569,7 min ton (azalma 8,6%) digər yüklərin payına düşüb.*
N.Abbasova