Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
M.Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirib, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edilib. Eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulanıb.
Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulanıb, bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə