Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə internet kabeli çəkəcək. Bu barədə Qazaxıstanın “LS” portalı ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalanmış saziş çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin tikintisi planlaşdırılır.
İştirakçı operatorlar fiber-optik rabitə xətlərinin tikintisi layihəsinə öz vəsaitlərini yatıracaq. Layihənin ilkin dəyəri $40 milyon təşkil edir. Dənizin dibi ilə kabelin uzunluğu təxminən 380-400 km olacaq. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək. Azərbaycan tərəfdən layihənin operatoru “AzerTelecom” şirkətidir.
Layihə internet trafikinin Qazaxıstan ərazisindən və daha sonra sualtı kabel vasitəsilə Azərbaycana tranzitini və son nəticədə Avropaya çatdırılmasını nəzərdə tutur. O, həm tranzit imkanlarını artırmaq, həm də onları şaxələndirmək yolu ilə dövlətlərin tranzit potensialının gücləndirilməsinə töhfə verəcək, həmçinin alternativ internet tranziti marşrutu yaradacaq.
Qeyd edək ki, bu rəqəmsal infrastruktur layihəsi “AzerTelecom” tərəfindən həyata keçirilən Azərbaycan vasitəsilə Avropanı Asiya ilə birləşdirən irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir. “AzerTelecom” şirkəti “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupuna daxildir. *
R.Əhmədov