Prezident İlham Əliyev Avropada artan enerji tələbatını ödəmək üçün sıx əməkdaşlığı və koordinasiyanı vacib hesab edir.
“Artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var”, - deyə dövlət başçısı İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Azərbaycan bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlayıb. “Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, - deyə prezident qeyd edib.
İ.Əliyev əlavə edib ki, bu ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. “Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi. Bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı (2027-ci ilədək 20 milyard kubmetrə qədər) planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik”, - deyə dövlət başçısı vurğulayıb.*
B.Rüstəmbəyov