Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib ki, Bakı Tehranla əlaqələrin genişləndirilməsində maraqlıdır.
“Hesab edirik ki, İranla münasibətlərimiz çox yüksək səviyyədədir və biz əlaqələrimizin genişlənməsində həmişə maraqlıyıq. Lakin bəzi qüvvələr ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətləri həzm edə bilmir. Bu qüvvələr daim iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə zərbə vurmağa çalışırlar, ancaq heç vaxt bu məqsədə çata bilməyiblər”, - deyə Əlizadə İranın “Nasr” agentliyinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində Azərbaycan-İran sərhədinin bərpa olunması ticari-iqtisadi əlaqələrimiz üçün yeni imkanlar yaradıb.
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda yeni reallıqlar yaranıb. İnsanların öz doğma torpaqlarına qayıtması ilə orada həyat daha da canlanacaq və şübhəsiz ki, bu da Azərbaycanla sərhəd olan İran əyalətlərinə müsbət təsir göstərəcək”, - deyə o vurğulayıb.*
E.Şəfiyev