Prezident İlham Əliyev bəyan edib ki, Bakı heç vaxt öz qarşısına Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymayıb.
“Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk”, - deyə dövlət başçısı İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, İ.Əliyev vurğulayıb ki, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar.
Prezident vurğulayıb ki, 2022-ci ildə Azərbaycanın ümumi ixracı 22-23 milyard kubmetr təşkil edəcək.
“Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik”, - deyə o qeyd edib.
İ.Əliyevin sözlərinə görə, hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir: TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmalı, TANAP 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirilməlidir. “Bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir”, - deyə dövlət başçısı əlavə edib.*
A.Əzizov