Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, Azərbaycan layihəni dəstəkləyəcək, ancaq burada Bakı təşəbbüskar olmayacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Transxəzər qaz kəmərinin tikintisi layihəsinə gəldikdə isə, bu layihə uzun illərdir ki, müzakirə olunur. Bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayıram. Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb”, - deyə dövlət başçısı İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil. “Bu layihə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan vaxtilə Cənub Qaz Dəhlizi, Bakıdan Ceyhana qədər neft kəmərinin tikintisi kimi iri regional neft-qaz layihələrinin təşəbbüskarı olub. Azərbaycan bu layihələrin həyata keçirilməsi üçün aparıcı rolu öz üzərinə götürdü, komanda yaratdı, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardı. Azərbaycan, həmçinin əsas investor idi. “Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər”, - deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, hazırda Azərbaycan və Türkmənistan “Dostluq” yatağının birgə işlənilməsini müzakirə edir. “Bu, qaz deyil, əsasən neft yatağıdır”, - deyə o bildirib.*
A.Əzizov