Azərbaycanın cənubunda baş vermiş yol qəzasında xəsarət alanlardan 8 nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində aparılır, onlardan 7 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Bu barədə TƏBİB-dən məlumat verilib.
“Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
Qəza nəticəsində xəsarət alanlardan üç nəfər əvvəlcə Lerik Rayon Mərkəzi Xəstəxanasına, beş nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, sonradan Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Son məlumatlara görə, bu gün Lerikdə yerli turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində baş verib.
İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.*
R.Kərimov