2022-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Avropaya qaz ixracı 7,3 milyard kubmetr təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Bu il TAP və TANAP qaz kəmərləri ilə Türkiyə və Avropaya 11 milyar kubmetr qaz ixrac olunub. Həmçinin, Avropaya – 7,3 milyard kubmetr qaz, Türkiyəyə - 3,7 milyar kubmetr qaz ixrac edilib”, - Şahbazov Twitter hesabında yazıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 12 milyard kubmetr təşkil edəcək. 2022-ci ildə 24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) Azərbaycan qazı ixrac ediləcək.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. İndiyədək bu boru kəməri ilə 13,5 milyarx kubmetr nəql olunub, bunun 11,7 milyard kubmetri İtaliyaya nəql edilib. Qalan həcm isə Yunanıstan və Bolqarıstanın payına düşüb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana da (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) ixrac edilir. **
N.Abbasova