Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səyləri müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi XİN-ə istinadən məlumat verir ki, Bayramov və Donfrid həmçinin ikitərəfli prosesləri müzakirə ediblər.
“Söhbət zamanı Bayramov 31 avqust tarixində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib”, - məlumatda deyilir.
Bayramov əlavə edib ki, Azərbaycan sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atır.
“İkitərəfli təmasların bundan sonra da davam etdirilməsinə dair razılıq ifadə edilib”, - XİN-dən bildirilir. **
R.Əhmədov