Bakı London ilə əməkdaşlığın gələcəkdə dərinləşməsinə ümid edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev qeyd edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Əliyev Elizabet Trassı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
“Azərbaycan ilə Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsi xüsusi məmnunluq doğurur”, - Azərbaycan liderinin saytında dərc olunan Əliyevin təbrik məktubunda deyilir.
Əliyev qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Həmçinin, Britaniya şirkətləri, o cümlədən “neft-qaz hasilatında etibarlı tərəfdaş olan BP” Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər.
“Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”, - Əliyev bildirib.
Həmçinin, prezident işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işlərinə toxunaraq, bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndirib.
“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - prezident qeyd edib. **
N.Abbasova