İdeyası 2022-ci ilin may ayında Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülən Avropa siyasi birliyin ilk iclası oktyabrın 6-da, 6-7 oktyabr tarixlərinə planlaşdırılan Aİ-nin qeyri-rəsmi sammitindən əvvəl Praqada keçiriləcək. Bu barədə çərşənbə günü Avropa İttifaqının yüksək vəzifəli məmuru jurnalistlərə məlumat verib.
“Bu görüş yalnız liderlər (birliyə dəvət olunan dövlətlərin - İF) üçün nəzərdə tutulur. Əsas məqsədi ondan ibarət olacaq ki, Avropa qitəsi üçün ümumi maraq kəsb edən strateji məsələlərə dair siyasi müzakirələr aparsınlar”, - KİV nümayəndələrinin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, əsas məsələlər Ukraynada hadisələr, enerji böhranı və iqtisadi vəziyyət olacaq. Görüşün gündəliyi plenar iclas və tematik dəyirmi masaların keçirilməsini nəzərdə tutur: təhlükəsizlik, enerji, iqlim, nəqliyyat, iqtisadiyyat məsələləri, o cümlədən, ikitərəfli görüşlər və yekun plenar nahar.
Aİ funksioneri dəqiqləşdirib ki, görüşə Aİ-yə üzv olan 27 dövlət, altı Qərbi Balkan ölkəsi, həmçinin Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn, Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan, Azərbaycan dəvət olunmalıdır.
O cümlədən, məmur xatırladıb ki, bu görüş iyun ayında Aİ-nin müzakirələri və rəylərinin reallaşdırılmasını özündə ehtiva edir. Eyni zamanda, o vurğulayıb ki, yaradılan birlik Aİ-nin genişləndiriməsinə alternativ təşkil etmir. **