Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovla görüşüb.
“Quliyev və Stoyanov iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi və müdafiə sahəsində təcrübə mübadiləsinin aparılması imkanlarını müzakirə ediblər. Bolqarıstanın müdafiə sektorunda 2022-ci ilin avqust ayına qədər (hökumət dəyişikliyinə qədər - İF) mövcud olan problemlər danışıqların əsas mövzusu olub. Quliyev Bolqarıstandan komplektləşdiricilər və ya materiallar alan və əvvəlki müdafiə nazirinin əməllərinə görə fəaliyyəti ciddi şəkildə çətinləşən Azərbaycan şirkətləri tərəfindən şikayətlərin olduğunu bildirib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir.
M.Quliyev bir fakta da diqqət yönəldib ki, ixtisaslaşdırılmış ekspert-nəzarət komissiyasının 40 gündən artıq müddətdə toplanmaması faktiki olaraq Bolqarıstanın hərbi-sənaye kompleksini bloklaşdırıb.
“Quliyev bolqarıstanlı həmkarını problemin həlli üzrə operativ tədbirlərin görülməsi münasibətilə təbrik edib və bu cür halların bir daha təkrarlanmayacağına ümidvar olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev