Bakı Bolqarıstana əlavə qaz həcmləri tədarük etmək öhdəliyini üzərinə götürsə, Sofiya Azərbaycana elektrik enerjisi tədarükünə təminat verə bilər. Bunu Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.
“Əgər Bolqarıstan elektrik enerjisi həcmlərinə təminat verə bilsə, Azərbaycan da əlavə qaz həcmlərinin Bolqarıstana yönəldilməsi öhdəliyini götürə bilər”, - deyə Stoyanov Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə bildirib.
Görüşdə, həmçinin iki ölkə arasında ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsinin yeni istiqamətləri müzakirə olunub.
Stoyanov qeyd edib ki, Bolqarıstan regionda ən iri elektrik enerjisi istehsalçılarından biridir, Azərbaycanın güclərinin əksəriyyəti isə tamamilə qazla işləyir.
Onun sözlərinə görə, Bakı və Sofiya iki ölkə arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edəcək, Bolqarıstan isə Azərbaycan bazarında onu maraqlandıran prioritet sahələrin siyahısını təqdim edəcək.
Nazirlər, həmçinin COVID-19 pandemiyası ilə əlaqədar iki ölkə arasında dayandırılmış birbaşa hava əlaqəsinin bərpası imkanlarını da müzakirə ediblər.
M.Cabbarov qeyd edib ki, Azərbaycan turizm sektorunun inkişafı üçün səy göstərir və nəqliyyat əlaqəsinin yaxşılaşdırılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Stoyanov vurğulayıb ki, səfərlərin sadələşdirilməsi Azərbaycanla Bolqarıstan arasında həm turizm, həm də işgüzar əlaqələrin genişlənməsinə zəmin yaradacaq.*
E.Şəfiyev