2022-ci ilin yanvar-avqust aylarında Qazaxıstanın dəniz limanları vasitəsilə Azərbaycan istiqamətində 1,9 milyon ton yük aşırılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinə istinadən xəbər verir.
Sentyabrın 8-də nazirlikdə dəniz limanları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə yükdaşımalarla bağlı cari vəziyyətə həsr olunmuş müşavirə keçirilib.
“Müşavirədə qeyd olunub ki, hazırda nəqliyyat infrastrukturunun inkişafı TBNM-in rəqabət qabiliyyətinin artmasına bilavasitə təsir göstərir, Aktau və Kurık dəniz limanlarının rolu artıb. 2022-ci ilin yanvar-avqust aylarında Qazaxıstanın dəniz limanları vasitəsilə Azərbaycan istiqamətində 1,9 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin 8 ayının göstəricisindən 2,1 dəfə çoxdur”, - deyə nazirlik qeyd edir.
Bundan başqa, TBNM üzrə yükdaşımaların həcmində də müsbət artım dinamikası müşahidə olunur. Xüsusilə cari ilin yanvar-avqust aylarında bu marşrutla 1,3 milyon ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,5 dəfə çoxdur.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.*
N.Abbasova