8 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 25 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“İnterfaks-Azərbaycan” agentliyi BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil edib.
İstiqrazların tədavül müddəti 20 il (7200 gün), ödəmə tarixi 17 mart 2042-ci ildir.
İstiqrazın illik faiz dərəcəsi 3,25% təşkil edir, faiz ödənişləri hər 180 gündə bir dəfə olmaqla investorlara ödənilir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC olub.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə