Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanın beş erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayıb və “bütün həll edilməmiş humanitar məsələlərin həllinin” zəruriliyini qeyd edib.
“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra (Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının sədri Şarl Mişel arasında müzakirələr - İF) Bakının daha beş erməni hərbçinin təhvil verməsini alqışlayırıq. İlk dəfədir ki, təhvil verilmə prosesi ikitərəfli əsasda həyata keçirilir, və bu hər iki tərəfin nailiyyətidir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir",- Mişel Twitter hesabında yazıb.
Cümə axşamı Azərbaycan 5 erməni hərbçini İrəvana təhvil verib. Erməni hərbçilər 31 avqust 2022-ci il tarixdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən qarşı tərəfə təhvil verilib.
Erməni hərbçilərin təhvil verilməsi prosesi Azərbaycan-Ermənistan dövlət sərhədində baş tutub.**
E.Şəfiyev