Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza və baş nazir Elizabet Trassa başsağlığı məktubları ünvanlayıb.
“Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm”, - Əliyev III Çarlza məktubda qeyd edib.
“Hörmətli xanım Baş nazir, görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. (...) Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - Trassa ünvanladığı məktubda bildirilir.
Böyük Britaniyanın kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyada Balmoral qəsrində 96 yaşında vəfat edib. İndi Elizabetin cənazəsi Edinburq kilsəsinə, daha sonra isə Bukingem Sarayına aparılacaq. Bundan beş gün sonra cənazə Westminster Hall-a köçürüləcək.
Kraliçanın dəfn mərasiminin ölümündən 10 gün sonra Vestminster Abbatlığında keçiriləcəyi gözlənilir.
II Yelizavetanın ölümü o deməkdir ki, onun böyük oğlu, vəliəhd şahzadə Çarlz 73 yaşında avtomatik olaraq Böyük Britaniyanın yeni kralı olur. O, Çarlz III kimi taclanacaq. **
X.Nəsirzadə