Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib ki, cümə günü İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə görüşüb.
“Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin, o cümlədən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı barədə fikir mübadiləsi apardıq”, - Nəbiyev Facebbok shifəsində yazıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Nəbiyev vurğulayıb ki, görüşdə həmçinin iki ölkə arasında sərhəd ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, bu istiqamətdə atılacaq addımları müzakirə edilib. “İran üzərindən Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil yolu körpüsünün, eyni zamanda iki ölkə arasında Astaraçay üzərindən avtomobil yolu körpüsünün tikintisi ilə bağlı görülən işlər haqqında danışdıq”, - Nağıyev əlavə edib.
Xəbər verildiyi kimi, 2022-ci ilin mart ayında Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandum imzalanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. **
E.Şəfiyev