SOCAR və Türkiyənin TPAO şirkətləri bir il ərzində Türkiyənin Batman vilayətində (Suriya ilə sərhəddə - İF) 8 ədəd kəşfiyyat quyusunun qazılmasını planlaşdırır.
“TPAO tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə SOCAR-ın “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub. Nəticədə, TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb. Layihə şərtlərinə əsasən Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur”, - “İnterfas-Azərbaycan”a SOCAR-dan məlumat verilib.
Məlumata görə, hazırda müqavilə üzrə müvafiq avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb. Batman vilayətinə ezam olunmuş SOCAR-ın nümayəndə heyəti Batman vilayətinin valisi Əkrəm Canalp ilə görüşüb.
“Layihənin icrası ilə əlaqədar həmçinin, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Görüşdə SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyətinin qazma işlərində də davam edəcəyi bildirilib, həmçinin Trest ilə TPAO arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib”, - şirkətdən vurğulanıb.
Xəbər verildiyi kimi, 15 iyun 2021-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şuşaya rəsmi səfəri zamanı bəyan edib ki, Azərbaycan və Türkiyə böyük bilik və təcrübəyə malikdirlər, bu səbəbdən qazma sahəsində birgə adıımlar ata bilərlər. O qeyd edib ki, bu məsələni Azərbaycan prezidenti İlham Əliyev ilə müzakirə edib və dövlət başçımız bu istiqamətdə işləməyə hazır olduqlarını bildirib. **
N.Abbasova