NATO-da Azərbaycanın beş erməni hərbçini vasitəçisiz Ermənistana təhvil verilməsini alqışlayıblar.
“Həqiqətən yaxşı xəbərdir və bunun vasitəçi olmadan ikitərəfli səylərin nəticəsi olması vacibdir”, - NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina şənbə günü Twitter hesabında yazıb.
O bir daha təsdiq edib ki, NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
Azərbaycan sentyabrın 8-də 5 erməni hərbçini İrəvana təhvil verib. Erməni hərbçilər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən qarşı tərəfə təhvil verilib.
Erməni hərbçilərin təhvil verilməsi prosesi Azərbaycan-Ermənistan dövlət sərhədində baş tutub.**
R.Kərimov