Azərbaycan Xarici İşlər Nazirliyi şənbə günü Suriyadan 12 vətəndaşın, o cümlədən, hər iki valideynini itirən uşaqların reaptriasiyası barədə məlumat verib.
“2022-ci ilin 10 sentyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib” – XİN-in saytında qeyd olunur.
Qeyd olunur ki, onların arasında 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.
XİN-dən dəqiqləşdiriblər ki, repatriantların ölkəyəə gətirilməsi Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb. Bildirilib ki, ilk öncə onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisindən tranzit keçidi təmin olunub.İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyəyə ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib. Həmçinin, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.
Nazilrikdən qeyd ediblər ki, zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcək.
XİN-dən vurğulanıb ki, Azərbaycan hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti, habelə Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Bakıda bəyan ediblər ki, Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkələrdə çətin vəziyyətdə düşmüş və yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. **
R.Kərimov