Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, çərşənbə axşamına keçən gecə Ermənistanın törətdiyi hərbi təxribat beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə 10 noyabr 2020-ci il tarixili üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulmasıdır.
“Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında (10 noyabr 2020-ci ildə) imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi”, - bəyanatda deyilir.
Nazirlik vurğulayır ki, Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq”, - XİN qeyd edir.
Nazirlik bildirir ki, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmır.
“Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi”, - XİN-dən vurğulanır.
“Bundan başqa, Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır”, - XİN qeyd edir. **
R.Əhmədov