Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) erməni hərbçilərinin dövlət sərhədinin Zəngilan rayonu istiqamətində gecə saatlarında təxribat törətmək cəhdi barədə məlumat verib.
“İnterfaks-Azərbaycan”a Xidmətdən bildiriblər ki, DSX-nin bölmələri “bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər”.
"Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib", - məlumatda deyilir.
Xəbər verildiyi kimi, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinə qarşı irimiqyaslı hərbi təxribatlar törətməyə cəh ediblər. Təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu tərəfindən zəruri tədbirlər görülüb, qarşıdurmalar baş verib, hər iki tərəfdən itkilər var.
Hazırda Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə iki istiqamətdə - Zəngilan və Qubadlı rayonlarına nəzarət həyata keçirirlər. Sərhədin digər rayonlarında Müdafiə Nazirliyinin bölmələri tərəfindən nəzarət həyata keçirilir. **
E.Şəfiyev