2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117 milyon manat məbləğində vəsait yönəldilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5% artıb.
İstifadə olunmuş vəsaitin 5 milyard 306,3 milyon manatı və ya 58,2%-i məhsul istehsalı sahələrinə, 3 milyard 292 milyon manatı (36,1%-i) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 333,7 milyon manatını və ya 24,9%-ni xarici, 6 milyard 843,3 milyon manatını və ya 75,1%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 642,6 milyon manatı və ya 72,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
B.Rüstəmbəyov