Azərbaycan Baş Prokurorluğu 12-13 sentyabr tarixlərində Ermənistanın Azərbaycanlla sərhəddə törətdiyi təxribatlarla bağlı cinayət işləri başlanıb.
“İnterfaks-Azərbaycan”a Baş Prokurorluqdan məlumat verilib ki, baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 100.2 (təcavüzkar müharibəni aparma), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.
Məlumatda vurğulanır ki, “Ermənistan Respublikasının təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür”.
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələri 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Hər iki tərəfdən itikilər var.
Bakı sərhəddə gərginliyin artmasına görə məsuliyyəti İrəvanın üzərinə qoyur. **
E.Şəfiyev