Azərbaycan və Türkmənistan Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş imzalamağı planlaşdırır.
“12-13 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib. İclas zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.
“Tərəflər Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər”, - məlumatda qeyd olunur. **
N.Abbasova