2022-ci ilin 8 ayı ərzində Azərbaycanda 10,234 min kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,8% çoxdur. Bu barədə Dövlət Vergi Xidməti məlumat verir.
“İnterfaks-Azərbaycan” DVX-yə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3%-i elektron qaydada, 28,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Onlardan 1,817 mininin (ümumi qeydiyyatın 17,8%-i) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumundan 76%-i yerli investisiyalı, 24%-i xarici investisiyalı qurumlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14% artıb.
Yanvar-avqust ayları ərzində vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4% olmaqla 0,3% artıb. Kommersiya qurumlarının sayı 155,735 min vahid təşkil edib və 10% artıb.
2022-ci ilin sentyab ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 379,592 min vergi ödəyicisinin 87,5%-i fiziki şəxs, 12,5%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,8%, o cümlədən fiziki şəxslərin sayı 6,5% (ümumi artımın 83,6%-i), hüquqi şəxslərin sayı 9,2% (ümumi artımın 16,4%-i) artıb.
2022-ci il sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb. **
X,Nəsirzadə