Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Söhbət əsnasında Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Xüsusilə, Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.
Öz növbəsində, Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb. **
B.Rüstəmbəyov