14 sentyabr tarixində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozef Borrel çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bəyan edib.
“İnterfaks-Azərbaycan” XİN-ə istinadən məlumat verir ki, telefon söhbəti zamanı Borrel yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib.
Söhbət əsnasında Borrel Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər edəcəyi barədə məlumat verib.
Öz növbəsində, Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu bəyan edib. Nazir əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirib.
“Bayramov və Borrel həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - XİN-dən vurğulanır. **
R.Əhmədov