Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı zamanı Cənubi Qafqazda cari vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib.
“Ceyhun Bayramov həmkarına Ermənistanın post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsini, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığını, 12-13 sentyabr tarixlərində növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğunu diqqətə çatdırıb”, - deyə XİN-in məlumatında bildirilir.
Ceyhun Bayramov, eyni zamanda indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.
Katerin Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.
“Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov