Ankara Azərbaycan-Ermənistan sərhədində təxribata görə İrəvanı qınayır və Ermənistanı Azərbaycanla dialoqa çağırır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“İki gün əvvəl Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik bölgədə durumun nə qədər kövrək olduğunu göstərir. Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi təklif etsə də, Ermənistan uzun müddət buna cavab vermədi”, - deyə o bildirib.
Türkiyəli nazir əlavə edib ki, Türkiyə və Avropa İttifaqının vasitəçiliyi ilə bu məsələdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təmas qurulub. Bundan başqa, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələr başlayıb.
“Lakin Ermənistan zaman-zaman təxribatlarını davam etdirir. Yenə iki gün əvvəl belə bir təxribat təkrarlandı və təbii ki, Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi. Əgər regionda dayanıqlı sülh və sabitlik istəyiriksə, Ermənistan təxribatları dayandırmalı və həm bizə (Türkiyə - İF), həm də Azərbaycana doğru sülh və əməkdaşlıq istiqamətində səmimi addımlar atmalıdır”, - deyə Çavuşoğlu qeyd edib.*
N.Abbasova