2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 7 milyard 428,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 3 milyard 341,1 milyon manat məbləğində heyvandarlıq, 4 milyard 87,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,7%, bitkiçilik məhsullarının istehsal həcmi 3,6% artıb.
8 ay ərzində respublikada 364,2 min ton ət (artım 2,9%), 1 milyon 457,6 min ton süd (artım 1,7%), 1 milyard 323,3 milyon ədəd yumurta (artım 4,2%), 15,2 min ton yun (azalma 1,6%) və 341,4 ton barama (azalma 30,5%) istehsal edilib.
Hazırda ölkədə məhsul yığımı davam edir.
Yanvar-avqust aylarında kənd təsərrüfatı subyektləri tərəfindən 2 milyon 866,4 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (qarğıdalısız, azalma 6,3%), 864,5 min ton kartof (artım 4,4%), 1 milyon 442,7 min ton tərəvəz (artım 1,3%), 455,3 min ton bostan bitkiləri (artım 1,9%), 479,3 min ton meyvə və giləmeyvə (artım 11%), 73,6 min ton üzüm (artım 2,4%), 760,8 ton yaşıl çay yarpağı (azalma 21,5%), 22,4 min ton günəbaxan (artım 1,4%), 6,9 min ton şəkər çuğunduru (azalma 86,8%) və 2,7 min ton tütün (azalma 32,3%) yığılıb.
Bundan başqa, 11,9 min hektar qarğıdalı sahəsindən 71,9 min ton məhsul toplanıb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.*
X.Nəsirzadə