2022-ci ilin yanvar-avqust aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 13 milyard 455,3 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 52,7%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 25 milyard 534,6 milyon kubmetr qaz (artım 12,8%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
2021-ci ildə “Şahdəniz” qazının ixrac həcmi 17 milyard 618 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 43,6% çoxdur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), "LUKOIL" (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova