2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 35 min 243 nəfər və ya 0,3% artaraq 2022-ci il avqustun 1-nə 10 milyon 191,609 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-iyul aylarında ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 11,4% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,2 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8%, qızların xüsusi çəkisi isə 47,2% olub. Körpələrin 1,984 mini əkiz, 96-sı üçəmdir.
Bu dövrdə 37 min 183 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,4 təşkil edib. 2021-ci ilin yanvar-iyul aylarında bu göstərici 7,2 olub.
Cari ilin yanvar-iyul aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 35,646 min nikah (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 17,7%) və 8,862 min boşanma halı (azalma 8,6%) qeydə alınıb.*
X.Nəsirzadə