Ermənistan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaları pozur.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə deyib.
“Nazir Ermənistan tərəfinin təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların kobud pozuntusu olduğunu, vasitəçilik səylərinə xələl gətirdiyini bildirib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.
Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədilməsi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktlarını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb. Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun yolverilməz olduğu qeyd edilib. Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfinin əldə edilmiş atəşkəs razılaşmasını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə rəğmən, mövqelərimizə hücumlarını davam etdirdiyi diqqətə çatdırılıb.
Xüsusi nümayəndə Toivo Klaar toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Atəşkəsə əməl edərək normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında danışıqların bərpasının zəruriliyini vurğulayıb. Avropa İttifaqının tərəflər arasında ikitərəfli görüşlər üçün şərait yaratmağa hazır olduğunu bildirib.
Görüş zamanı digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.*
R.Kərimov