Azərbaycanda bir sıra islahatlar həyata keçirilərsə, illik iqtisadi artım tempi 4-4,5%-ə yüksələ bilər. Dünya Bankının (DB) baş iqtisadçısı Ayhan Köse belə hesab edir.
“Bütövlükdə, biz xüsusilə dünya iqtisadiyyatında mövcud qeyri-sabitlik şəraitində Azərbaycan iqtisadiyyatının perspektivlərini çox müsbət qiymətləndiririk. Bizim qiymətləndirmələrimizə görə (ortamüddətli dövrdə – İF) Azərbaycan iqtisadiyyatının artım tempi ildə 2-2,5% təşkil edəcək. Lakin bir sıra islahatların həyata keçiriləcəyi halda ÜDM-in illik artım tempi 4%-ə, müəyyən hallarda isə ildə 4,2-4,5%-ə çata bilər”, - deyə o, bu gün Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Köse qeyd edib ki, bu islahatlar qadınların məşğulluğunun artırılması, aktivlərin şaxələndirilməsi, makroiqtisadi dayanıqlığın təmin edilməsi, enerji keçidinə hazırlıq hesabına insan kapitalının inkişafına və məhsuldarlığın artırılmasına yönəldilməlidir.
Baş iqtisadçı vurğulayıb ki, DB oktyabr ayında Azərbaycan iqtisadiyyatı üzrə yenilənmiş makroiqtisadi proqnozları (2022-2023-cü illər üçün - İF) dərc etməyi planlaşdırır. Bu proqnozlar əvvəlki qiymətləndirmələrlə müqayisədə bir qədər yaxşılaşdırılacaq.
“Azərbaycan 30 illik müstəqillik dövrü ərzində böyük transformasiya yolu keçib və bu gün respublika orta gəlirli ölkələr sırasına daxildir. Lakin Azərbaycan orta gəlir tələsinə düşməməlidir, bir çox digər ölkələr bunu edə bilməyib və onlar bu gün də bu tələdən çıxa bilmir. Azərbaycan bu tələdən yayına bilər və yüksək gəlirli ölkələr sırasına daxil olmaq yolunu seçməlidir. Bunun üçün islahatları davam etdirmək, məhsuldarlığı artırmaq, özəl sektoru inkişaf etdirmək, iqtisadiyyatda dövlətin rolunu azaltmaq lazımdır”, - deyə o əlavə edib.
DB-nin iyul proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda ÜDM 2,7%, 2023-cü ildə 2,2%, 2024-cü ildə 2,3% artacaq.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır. Bütövlükdə, hökumət 2022-2026-cı illərdə ölkə iqtisadiyyatının orta illik artımını 3-4% səviyyəsində gözləyir.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.*
A.Əzizov