Azərbaycan 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir. Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bu gün ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı keçirilən brifinqdə deyib.
“General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
H.Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə bölgədə cari vəziyyətlə bağlı məlumatlar verib. Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub.
O vurğulayıb ki, törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.*
R.Kərimov