2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 10,3% - 2 milyard 461,3 milyon manata qədər (təxminən $1,447 milyard) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 357,4 min ton təyyarə yanacağı (artım 6,1%), 67,4 min ton soba mazutu (artım 2,2 dəfə), 257,5 min ton neft bitumu (artım 8,6%), 784,2 min ton avtomobil benzini (azalma 2,5%), 188,3 min ton birbaşa qovulan benzin - nafta (azalma 32,7%), 1 milyon 264,5 min ton dizel yanacağı (azalma 24,7%), 23,4 min ton sürtkü yağları (azalma 42,2%), 116,6 min ton neft koksu (azalma 33,8%) istehsal edilib.
2022-ci ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.
2022-ci il sentyabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 36,4 min ton avtomobil benzini, 0,9 min ton nafta, 10,7 min ton təyyarə yanacağı, 38,8 min ton dizel yanacağı, 11,5 min ton soba mazutu, 2,4 min ton sürtkü yağı, 16,2 min ton neft bitumu, 34,5 min ton neft koksu var.*
N.Abbasova