Cümə axşamı Səmərqənddə Azərbaycan prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə görüş zamanı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafını müzakirə edib.
“Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Mirziyoyevə təşəkkürünü bildirdi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlət başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırdı”, - Azərbaycan liderinin saytında dərc olunan məlumatda deyilir.
Həmçinin, Azərbaycan prezidenti kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirdi. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi.
Öz tərəfindən Mirziyoyev İlham Əliyevin iyunda Özbəkistana dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğuladı. Mirziyoyev yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlərimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırdı.
“Əliyev prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi. Mirziyoyev dəvəti məmnunluqla qəbul etdi”, - məlumatda deyilir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. **
R.Kərimov