2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan kapitalın repatriasiyasının həcmi $5 milyard 245,3 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2021-ci ilin birinci yarısında Azərbaycandan $2 milyard 549,6 milyon məbləğində kapital çıxarılıb. “İnterfaks-Azərbaycan” məlumat verir ki, beləliklə, 2022-ci ilin birinci yarısı ərzində Azərbaycandan kapitalın repatriasiyasının həcmi 2,05 dəfə artıb.
2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan kapitalın repatriasiyasının həcmi $2 milyard 839,4 milyon, aprel-iyun aylarında - $2 milyard 405,9 milyon təşkil edib.
AMB-nin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında repatriasiyanın strukturunda 2,8 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları tərəfindən mənfəət nefti və qaz halında kapitalın repatriasiyasının payına düşüb (2021-ci ilin yanvar-iyun aylarında - $542,1 milyon). Ümumilikdə, bu dövrdə xarici investorlar tərəfindən Azərbaycandan kapitalın repatriasiyasının həcmi $2,9 milyard təşkil edib.
AMB qeyd edir ki, 2022-ci ilin birinci yarısında qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər $168,3 milyon (2021-ci ilin yanvar-iyun aylarında - $173,9 milyon), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər $150,1 milyon (bir il əvvələ nisbətən $147,3 milyon), digər ödənişlər $118,5 milyon (2021-ci ilin yanvar-iyun aylarında - $126,6 milyon) təşkil edib.
2021-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2020-ci illə müqayisədə 54,5% - $6 milyard 907,9 milyonadək artıb.**
A.Əzizov