12-14 sentyabr tarixlərində sərhəddə Ermənistanın təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri zamanı 8 strateji yüksəklik və düşmənin 53 döyüş mövqeyi nəzarətə götürülüb.
Xəbər verildiyi kimi, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Azərbaycan mətbuatının məlumatına əsasən, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra yüksəkliklər nəzarətə götürülüb.
“Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, 8 strateji yüksəklik nəzarətə götürülüb. Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib”, - KİV qeyd edir.
Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin çox sayda hərbi texnikası, o cümlədən, 20 ədəd top və haubitsa, ondan çox minaatan və altısı sursatla dolu olmaqla 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb. Düşmənin Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.
KİV qeyd edir ki, ümumilikdə, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı düşmənin 450-dək canlı qüvvəsi məhv edilib. **
R.Əhmədov